“Həyat hekayələri” | Utanıram...

“Həyat hekayələri” | Utanıram...
  06 May 2014    Oxunub:1330
Səfurə Çərkəzqızı

- Ana, dərman şirindi?
- Bir az şirindi, bir az acı. İçməlisən, quzum, yoxsa, qurdlar ölməz axı! Qarnındakı qurdların çoxlu balaları var. Dərmanını içməsən, onlar da böyüyüb qarnını dişləyəcək!
Qaşları yuxarı dartılır:
- Aaaa...doğrudan?
- Bəs nə!
- Onda, bir az oynayım, sonra...
- Yaxşı, ana da bir az kompüterə baxsın...
***

...Sinəsinin düz ortasında dərin, qorxunc, oyuğabənzər bir deşik var. O deşikdən axan qan balaca bədənini, torpağı qıpqırmızı rəngə boyayıb. Arıq qolları yana açılıb. Sağ qolundan ovcuna kimi nazik qan zolağı görünür...
Kamera iri planda uşağın üzünü, gözlərini çəkir...
Əzabdan büzüşürəm. Ürəyim parçalanır...
Uşağın gözləri...yarıya qədər açıq qalıb, orda hələ də qorxu, əzab, yalvarış var...

...Kamera bir evin içərisini çəkir. Hər tərəf qandır. Evin ortasında bir qadın, bir kişi çəsədi var. Bir az aralıda iki-üç yaşlı körpəni öldürüblər. Güllə beynini dağıdıb, üz-gözü yoxdu. Ondan böyük-beş-altı yaşlı uşağısa divarın dibində güllələyiblər. Qanı divara sıçrayıb...

Kimsə çəsədləri bir yerə yığıb, üstünü örtür. Örtüyün altından körpənin balaca ayaqları görünür...

Suriyanın başqa bir küçəsi. Yan -yana cəsədlər düzülüb. Nə qədər uşaq öldürülüb! Üç, dörd, beş yaşları ancaq olar. Birinin ayağı yoxdu, birinin başı. Canları dəlmə-deşik. Bir ana ağlaya-ağlaya cəsədlərin arasından balasını axtarır...

Küçədə uzun bir xəndək qazılıb. Ölənləri ora töküblər. Xəndək örtülməyib, hələ ölən çox olacaq deyə...

***

- Ana!
Qızım görməsin deyə, kompüterdə baxdığım görüntüləri tez aşağı endirib gizlədirəm. Üzümü də əllərimlə. Gözlərimin yaşı barmaqlarımın arasından üzüaşağı-biləyimə süzülür...
- Ana! Ağlayarsan?
Əllərimi üzümdən götürürəm.
- Yenə pis şeylərə baxmısan?!
Gözəl gözlərində qayğı, qorxu var. Yadıma Suriyada ölən uşağın gözləri düşür...
- Qızım!
Onu bərk-bərk qucaqlayıram. Qorxuram, elə bilirəm, onu da əlimdən alacaqlar.
O da ağlamağa başlayır.
- Ana, ağlama, qorxuram!
- Qorxma, quzum, bax, ağlamıram...
Bir az toxtayır.
- Ana, mən dərmanımı içmək istəmirəm! Axı dərmani içsəm, qurdların anası öləcək! Balaları anasız qalacaq, onlar da ağlayacaqlar. Bəs onlara kim yemək verəcək?! Yazıqdılar axı!
Onu yenidən bağrıma basıram:
- Ürəyinə qurban olum!

Göz yaşlarım saçlarını isladır. Üzünə baxmağa üzüm yoxdu. Böyük olduğuma görə utanıram! Böyüklərin dünyanı qana bələyən çirkin, amansız əməllərindən, xəndəklərə atılan, uşaqlığını yaşaya bilməyən o günahsızlardan utanıram! Qızımın BÖYÜK ürəyindən utanıram!


Teqlər:





Xəbər lenti